Fransanın “Tuluza” klubunun mərkəz müdafiəçisi Kristian Mavissa bundan sonra Liqa 1-in digər təmsilçisi “Monako”da forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə knyazlıq təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Monako” bu transfer üçün “Tuluza”ya 16 milyon avro ödəyib. 19 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Kristian Mavissa “Tuluza”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 25 oyuna çıxıb, 2 qol vurub.
Əslən Konqo Demokratik Respublikasından olan futbolçu Fransanın U-17, U-18 və U-19 yığmalarında da oynayıb.

“Monako” əslən Qanadan olan niderlandlı hücumçusu Mayron Boadunu da Almaniyanın “Boxum” klubuna icarəyə verib. Bundesliqa təmsilçisi 23 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Mayron Boadu Niderlandın “Alkmaar” klubunun yetirməsidir. “Monako” onu 2021-ci ildə 17 milyon avro qarşılığında heyətinə qatıb. O, knyazlıq klubunda 68 oyuna çıxıb, 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Boadu ötən mövsümün ikinci dövrəsində Niderland “Tvente”sində icarədə də olub.
Mayron Boadu Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, əsas millidə də 1 oyun keçirib, 1 qol vurub.
Kristian Mavissanı “Monako”ya satan “Tuluza” da Yunanıstanın AEK (Afina) klubunun sağ cinah müdafiəçisi Cibril Sidibeni heyətinə qatıb. Azad agent statusuna malik 32 yaşlı futbolçunun yeni klubu ilə bağladığı müqavilənin müddəti açıqlanmayıb.
Sidibe karyerası ərzində “Trua”, “Lill”, “Monako”, “Everton” kimi klublarda da oynayıb. Əslən Malidən olan müdafiəçi vaxtilə Fransa yığmasında 18 oyuna çıxıb, 1 qol vurub.