Kristiano Ronaldo Lionel Messini geridə qoydu

Səudiyyə Ərəbistanı Peşəkar Liqası 20-ci turu “Əl-Fateh”ə qarşı oyun “Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, portuqal ulduz qol vurub komandasına qələbə qazandırmaqla yanaşı, oyundan vurulmuş qolların sayına görə “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messini geridə qoyub.

Ronaldo “Əl-Fateh”lə oyunda 17-ci dəqiqədə hesabı açaraq, karyerasında penaltilərdən istisna olmaqla, oyundan vurduğu qolların sayını 714-ə çatdırıb. Bunula da portuqal ulduz oyundan 713 qol vurmuş Lionel Messini geridə qoyub.

“Əl-Nəsr”in evdə 2:1 hesabı ilə qalib gəldiyi oyunu Ronaldo sosial şəbəkə hesabı üzərindən şərh edib:

“Daha bir qələbə, daha bir qol. Gəlin belə davam edək, “Əl-Nəsr”, – Ronaldo mübarizə ruhlu çağırış ünvanlayıb.

20 turdan sonra “Əl-Nəsr” çempionatın turnir cədvəlində 49 xalla 2-ci pillədə qərarlaşıb. 19 oyundan 53 xal toplamış “Əl-Hilal” isə çempionatın lideridir.

Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 21 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 30 xal (21 qol və 9 məhsuldar ötürmə).

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 26 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: