“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasında növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün sonuncu, 34-cü turunda “Əl-Nəsr” və “Əl-İttihad” komandaları qarşılaşıblar.
Ronaldonun yüksək səviyyəli oyunu və dübarə qolu sayəsində “Əl-Nəsr” doğma meydanda 4:2 hesablı qələbəyə sevinib.
Beləliklə, “Əl-Nəsr” cari mövsümü 82 xalla yarış cədvəlinin 2-ci pilləsində başa vuraraq, gümüş mükafatla kifayətlənib. “Əl-Hilal” isə 96 xalla zirvədə yer alaraq Səudiyyə Ərəbistanı çempionu olub.
Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur. Əvvəlki rekord mərakeşli Abderrazak Hamdallaha məxsus idi – 2018/2019-cu illər mövsümündə 34 qol.
Beləliklə, Kristiano tarixdə dörd ölkə çempionatında ən sərrast futbolçu ola bilmiş ilk oyunçu kimi adını tarixə yazıb.
Portuqal hücumçu “Real”la İspaniya La Liqasında (3 dəfə), “Yuventus”la İtaliya A Seriyasında, “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasında müvafiq nailiyyətə imza atıb.
“Dörd ölkədə ilk ən sərrast futbolçu kimi tarixə düşməkdən qürur duyuram. Bu yolda mənə kömək etmiş bütün klublara, komanda yoldaşlarına və işçi heyətinə dərin təşəkkürümü bildirirəm”, – Ronaldo özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
“Mən rekordlar arxasınca qaçmıram, rekordlar məni təqib edir”
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo müvafiq olaraq 12 və 13 məhsuldar ötürmə vermiş Ruben Nevis və Riyad Marezdən sonra 3-cüdür.
Eyni zamanda Ronaldo cari mövsümün ən səmərəli futbolçusudur. Portuqal hücumçunun hesabında vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal var.
Əldə etdiyi bu rekordlara münasibətini portuqal ulduz özünün sosial şəbəkə hesablarının biri üzərindən şərh edib:
“Mən rekordlar arxasınca qaçmıram, rekordlar məni təqib edir”, – Ronaldo paylaşıb.
Kristiano Ronaldo “Əl-Nəsr”də 2023-cü ilin yanvarından çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


