Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Asiya Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Kavasaki” ilə matçın iştirakçısı olub.
Ronaldo Yaponiya klubu ilə oyunda 90 dəqiqə meydanda olub. 40 yaşlı veteran hücumçu “Nəcd cəngavərləri”nin 2:3 hesablı məğlubiyyətinə mane ola bilməyib.
“Kavasaki” finalda Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli” ilə qarşılaşacaq. Qarşılaşma mayın 3-də Ciddədə baş tutacaq.
Onu da vurğulayaq ki, 2024/2025-ci illər mövsümündə Asiya Çempionlar Liqası yeni formatda keçiriləcək. Turnirin ümumi mərhələsində 24 komanda – İraq, İran, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Özbəkistan, Avstraliya, Çin, Malayziya, Tailand, Cənubi Koreya iştirak edib. Hər regiondan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksəlib.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 38 oyuna 33 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 102 oyun, 91 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün 23 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


