Futbol üzrə Portuqaliya milli komandasının hücumçusu və kapitanı Kristiano Ronaldo yığmanın düşərgəsini erkən tərk edib.
Arena.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Ronaldo oktyabrın 1-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Danimarkaya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus futbolçunun heyətdəki vəziyyəti ilə bağlı qərarının dəyişməyəcəyini bildirib:
“Mən nə istəyirəmsə, onu vəd edə bilərəm. Mən baş məşqçiyəm və futbolçuya onun oynamayacağını dedim. Onu ehtiyat oyunçular skamyasında saxlayacağam. Əgər 30 dəqiqə ona ehtiyacım olsa, meydana çıxacaq, ehtiyacım olmasa, oynamayacaq. Heç bir futbolçu məni qərarımı dəyişməyə məcbur edə bilməz”.
Qeyd edək ki, Portuqaliya sentyabrın 27-də UEFA Millətlər Liqasının 2-ci turunda Norveçə 2:1 hesabı ilə qalib gəlib. Ronaldo həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Daha əvvəl “A Bola” Ronaldonun Jezusun onu meydana buraxmamaq qərarından narazı qaldığını və oyundan sonra komandanın məşqində iştirak etmədiyini yazmışdı. Bundan sonra Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Mölmödə komandanın düşərgəsinə gedərək Ronaldo və Jezusla görüşmüşdü. Hətta federasiya rəhbərinin baş məşqçi ilə futbolçu arasındakı problemi yoluna qoyduğu iddia edilirdi. Amma görünən odur ki, vəziyyət düzəlmək əvəzinə daha da qəlizləşib.
41 yaşlı Ronaldo karyerası ərzində 979 qol vurub. Onlardan 146-sı Portuqaliya millisinin, 833-ü isə klub səviyyəsində qeydə alınıb. O, 5 dəfə Çempionlar Liqasının qalibi olub, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir.
Kristiano Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinib.


