Kristiano Ronaldo qol vurdu, “Əl-Nəsr” “Əl-Əhli”yə qalib gəldi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Peşəkar Liqasının 24-cü turu çərçivəsində səfərdə “Əl-Əhli” ilə qarşılaşıb.

“Əl-Nəsr” bu oyunda 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu oyunun 68-ci dəqiqəsində “Əl-Nəsr”in portuqal ulduzu Ronaldo vurub. 90 dəqiqə meydanda olmuş “Kriş” 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

24 turdan sonra “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlində 56 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Əhli” isə 47 xalla 3-cü pillədə yer alıb. Çempionata 23 oyundan 65 xalla “Əl-Hilal” başçılıq edir.

Oyundan sonra Ronaldo adəti üzrə özünün sosial şəbəkə hesabı üzərindən komandasına çağırış ünvanlayıb: “Qələbələrə qayıdırıq! İrəli, komanda!!!” – portuqal ulduz dərc edib.

Vurğulayaq ki, Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 23 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 30 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: