“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasında “Əl-Oxdud”la 31-ci tur oyununa çıxıb.
Arena.az məlumat verir ki, oyun “Əl-Nəsr”in 3:2 hesablı səfər qələbəsi ilə başa çatıb.
Ronaldo komandasının ikinci qolunun müəllifi olub. Oyunun gedişində iki top fərqi ilə öndə olan “Əl-Nəsr” bu üstünlüyünü əldən versə də, əsas vaxta əlavə edilmiş təzminat vaxtında qol vuraraq, səfərdən çətin qələbə ilə dönməyi bacarıb.
Ronaldo adəti üzrə oyuna dair fikrini özünün sosial şəbəkə hesabı üzərindən bildirib: “Heç vaxt təslim olmayın! İrəli!”
31 oyundan 77 xal toplamış “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlində 74 xalla 2-ci pillədə qərarlaşıb. Çempionata 30 oyundan 86 xalla “Əl-Hilal” başçılıq edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 42 qol vurub, 12 məhsuldar verib.
Ronaldo 33 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi (43) üzrə mütləq liderdir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


