Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 25-ci turu çərçivəsində keçirilmiş “Əl-Nəsr” – “Əl-Xolud” matçının iştirakçısı olub.
Ronaldo bu oyunda “Nəcd cəngavərləri”nin 3:1 qələbəsinə vurduğu qolla töhfəsini verib. Beləliklə 40 yaşlı veteran hücumçu, futbolçu karyerası ərzində vurduğu qolların sayını 928-ə çatdırmaqla, şəxsi rekordunu yeniləyib.
Oyunun ikinci hissəsində maraqlı məqam yaşanb. “Əl-Nəsr”in müdafiəçisi Navaf Əl-Buşal qırmızı vərəqə alaraq meydandan qovulub. Bir neçə dəqiqə sonra isə “Əl-Nəsr”in italyan çalışdırıcısı Stefano Pioli taktiki əvəzetmə ilə Kristiano Ronaldonu meydanda alıb. Tribunalaraltı məkana üz tutmuş Ronaldo əsəbi halda gözə çarpıb, protuqal ulduz əl-qolunu ölçə-ölçə platardəyişmə otağına yollanıb.
25 oyundan sonra 51 xalla “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Əl-Xolud” isə 31 xalla 10-cu pillədədir. Səudiyyə Ərəbistanı çempionatına 61 xalla “Əl-İttihad” başçılıq edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 32 oyuna 27 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 96 oyun, 85 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümümün 19 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


