“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasında rekord müyyənləşdirib.
Arena.az məlumat verir ki, Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 32-ci turunda çempion “Əl-Hilal”a qarşı ev oyununda (1:1) Ronaldo, komandasının vurduğu qolun ərsəyə gəlməsində məhsuldar ötürmə ilə fərqlənib.
Ronaldo elə, oyunun 1-ci dəqiqəsində komanda yoldaşı, braziliyaəsilli portuqaliyalı hücumameylli yarımmüdafiəçi Otavionu zərbə mövqeyinə çıxarıb – 1:0. “Əl-Hilal” oyuna əlavə edilmiş 10-cu təzminat dəqiqəsində serb mərkəz hücumçusu Aleksandar Mitroviçin penaltidən vurduğu qolla məğlubiyyətdən qurtulub – 1:1.
Ronaldonun məhsuldar ötürməsi cari mövsümdə Səudiyyə Ərəbistanı Peşəkar Liqası çərçivəsində portuqal ulduz üçün 11-ci olub. Ronaldonun həmçinin yerli liqa çərçivəsində vurduğu 33 qolu var ki, bu göstərici üzrə portuqal ulduz cari mövsümün ən sərrast futbolçusudur. Beləliklə, qollar və məhsuldar ötürmələrin cəmi (33+11) üzrə topladığı 44 xalla Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının rekordunu müəyyənləşdirib.
32 turdan sonra Ronladonun “Əl-Nəsr”i 78 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və mövsümün gümüş medalını təmin edib. Cari mövsümdə yerli liqada məğlubiyyət tanımayan çempion “Əl-Hilal” isə 90 xalla zirvədədir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 42 qol vurub, 13 məhsuldar verib.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


