Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 26-cı turunda autsayder “Abha”nın qonağı olub.
Oyun “Əl-Nəsr”in 8:0 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo oyunun taleyini elə, birinci hissədə həll edib. Portuqal ulduz 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Ronaldo qollarından ikisini birbaşa cərimə zərbəsindən vurub. Oyunun birinci hissəsi 5:0 hesabı ilə başa çatıb. Ronaldo isə ikinci hissənin əvvəlində, 46-cı dəqiqədə əvəzlənib. Oyunun 2-ci hissəsində “Əl-Nəsr” hesabı daha da biabırçı həddə çatdırıb – 8:0.
26 turdan sonra “Əl-Nəsr” 62 xalla yarış cədvəlində 2-ci pillədə, “Abha” isə 22 xalla sonuncudan əvvəlki, 17-ci pillədə qərarlaşıb. Çempionata 74 xalla “Əl-Hilal” başçılıq edir.
Ronaldo Messi üçün əlçatmaza çevrilir
Ronaldonun het-triki portuqal ulduz hücumçunun futbolçu karyerası ərzində 65-ci het-trik olub. Son bir həftə ərzində isə bu, Ronaldonun ikinci het-trikidir. Beləliklə portuqal ulduz het-triklərin sayına görə “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messindən 8 het-trik öndədir. “Leo”nun hesabında 58 het-trik var.
Ronaldo 29 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Hər iki göstərici üzrə Ronaldo milli birinciliyin lideridir. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi üzrə mütləq liderdir.
Oyundan sonra portuqal ulduz özünün sosial şəbəkə hesabı üzərindən ismarış ünvanlayıb: “Biz yavaşlamırıq!” – Ronaldo dərc edib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


