“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo yeni lüks avtomobilinin yanında çəkdirdiyi şəklini paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Ronaldo son model “Ferrari Purosangue” alıb.
Avtomobilin qiyməti 400 min funt-sterlinq məbləğindədir. Ronaldo həmçinin “Bugatti Chiron”, “Bugatti Veyron Grand”, “Ferrari Monza” və “McLaren Senna” avtomobillərinin sahibidir.
Xatırladaq ki, dekabrda Ronaldo anası Dolores Aveyruya doğum günü münasibətilə alman brendi “Porsche Cayenne” avtomobilini hədiyyə edib. Belə bir avtomobilin qiyməti isə xüsusiyyətlərindən asılı olaraq 72 min avro ilə 90 min avro məbləğ arasında dəyişir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı portuqal veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



