Niderland yığmasının baş məşqçisi Ronald Kuman cinah hücumçusu Stiven Berqveynin “Ayaks”dan “Əl-İttihad”a keçidinə münasibətini bildirib.
Arena.az niderlandlı mütəxəssisin həmyerlisi olan futbolçunun qərarına münasibəti haqda sözlərini təqdim edir:
“Stiven Berqveyn 26 yaşında Səudiyyə Ərəbistanına getdi. Bunun idman iddiaları ilə heç bir əlaqəsi olmadığı aydındır. Onun Niderland yığmasındakı kitabı bağlanıb. O, yəqin ki, mənim buna nə deyəcəyimi bilir”, deyə Kuman tənqidi tərzdə vurğulayıb.
Sol cinah hücumçusu mövqeyində çıxış edən Stiven Berqveyn futbola “Vaterveyk” klubunda qədəm qoyub. “Ayaks” və PSV-nin futbol akademiyalarında yetişmiş Berqveyn böyük futbola Eyndhoven təmsilçisinin heyətində gəlib. Niderlandlı hücumçu karyerası ərzində sonralar “Tottenhem” və “Ayaks”da çıxış edib.
2024-cü ilin sentyabrında “Əl-İttihad” 21 milyon avro məbləğ müqabilində Berqveyni “Ayaks”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. Ərəb klubu niderlandlı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Berqveyn “Ayaks”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Berqveyn “Əl-İttihad”ın heyətində hələ siftəsini etməyib.
Stiven Berqveyn 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 35 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Stiven Berqveynin qənimətlər muzeyində PSV ilə qazandığı Niderland çempionluğu (3 dəfə) və Niderland Super Kuboku var.
“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı sol cinah hücumçusunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


