Futbol üzrə İspaniya çempionatının (La Liqa) 2025/2026 mövsümünün 7-ci turunun “Valensiya” – “Real Ovyedo” matçı təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İspaniyanın Milli Meteorologiya İdarəsi (AEMET) güclü yağış səbəbindən Valensiya üçün qırmızı təhlükə elan edib. Bu üzdən də qarşılaşmanın bu gün təşkil olunmayacağı diqqətə çatdırılıb. Oyun sabah keçiriləcək. Matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, “Valensiya” – “Real Ovyedo” matçı bu gün keçirilməli idi. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi.
“Valensiya” La Liqanın cari mövsümündə keçirdiyi 6 oyunda 8 xal toplayıb və 12-ci pillədə qərarlaşıb. “Real Ovyedo” isə 3 xalla 19-cudur.


