Lamin Yamal zədədən sonrakı vəziyyəti haqda danışdı

“Barselona”nı 17 yaşlı ispan yeniyetmə cinah hücumçusu Lamin Yamal zədədən sonrakı vəziyyəti haqda məlumat verib.

Arena.az “El Chiringuito” dərgisinə istinadən, ispan futbolçunun bu barədə məlumatını təqdim edir:

“İndi mən özümü daha yaxşı hiss edirəm. Tezliklə sağalıb sıraya qayıtmaq istəyirəm”, deyə Yamal ümidlə bildirib.

Xatırladaq ki, Yamal UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Danimarka yığmasına qarşı oyunda (1:0) zədələnib. İlkin müayinədən sonra Yamalın həddindən artıq fiziki yüklənməsi mənzərəsində danimarkalı müdafiəçi Viktor Kristiansenin sərt oyunu nəticəsində zədələndiyi məlum olub. Amma xoşbəxtlikdən, Yamal ciddi fəsadlara yol aça biləcək ağır zədədən yayına bilib. Müfəssəl müayinənin nəticəsi yeniyetmə futbolçu üçün xoşagələndir.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 11 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 62 oyun, 12 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: