Leni Yoro “Mançester Yunayted”i seçdi

Fransanın “Lill” klubunun mərkəz müdafiəçisi Leni Yoro bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Fransalı futbolçu Premyer Liqa təmsilçisi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid “Mançester Yunayted”ə 62 milyon avro məbləğə başa gəlib.

Vurğulayaq ki, 18 yaşlı gənc mərkəz müdafiəçisi öz mövqeyində ən perspektivli futbolçulardan hesab edilir. Yoronu uzun müddət Avropa nəhəngi “Real” yaxından izləyirdi, amma sonda “Mançester Yunayted” “kral klubu”nun “tikəsini” əlindən qapa bilib. “Qırmızı şeytanlar” sadəcə daha çox xərc çəkməklə müvafiq keçidi gerçəkləşdiriblər.

Leni Yoronun özü isə “Mançester Yunayted”ə keçidini klubun rəsmi saytı üçün belə şərh edib:

“Karyeramın bu ən erkən dövründə “Mançester Yunayted” böyüklüyündə və iddiasında olan bir klubla müqaviləyə imza atmaq inanılmaz şərəfdir. Klubla ilk söhbətlərimdən sonra bu maraqlı layihənin bir hissəsi kimi Mançesterdə necə tərəqqi edə biləcəyim barədə dəqiq plan təqdim edildi. Onlar həm də mənə və ailəmə böyük qayğı göstərdilər.

Mən “Mançester Yunayted”dəki gənc oyunçuların tarixindən xəbərdaram və hiss edirəm ki, bu klub mənim imkanımı kəşf etmək və iddialarımı həyata keçirmək üçün mükəmməl yer ola bilər. İşə başlamaq intizarındayam”, deyə Yoro həvəslə bildirib.

Leni Yoro “Lill”in yetirməsidir və qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.

Leni Yoro Fransa yığmasının əsas komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib, həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.

Leni Yoro böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın