“Mançester Yunayted”in yeni transferi, fransalı gənc mərkəz müdafiəçisi Leni Yoro özünün oyun üslubu haqda söhbət açıb.
Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, fransalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Müasir futbolda oyunu oxumağı və rəqibini başa düşməyi bacarmalısan. Bundan əlavə, topla çox yaxşı davranıram. Mən topa sahib olmaqdan qorxmuram”, deyə Yoro vurğulayıb.
Vurğulayaq ki, 18 yaşlı gənc mərkəz müdafiəçisi öz mövqeyində ən perspektivli futbolçulardan hesab edilir.
Leni Yoro “Lill”in yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.
Yoro böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


