Leo Estiqor “Napoli”ni “Renn”ə dəyişdi – 7 milyona

Futbol üzrə Norveç millisinin və “Napoli”nin mərkəz müdafiəçisi Leo Estiqor bundan sonra “Renn” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransanın Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı müdafiəçi ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Renn” bu transfer müqabilində “Napoli”yə 7 milyon avro ödəyib.

Leo Estiqor “Molde”nin yetirməsidir. “Vikinq”, “Brayton”, “Sankt-Pauli”, “Koventri Siti”, “Stok Siti” və “Cenoa” kimi klublarda da forma geyinmiş müdafiəçi “Napoli”yə 2022-ci ilin yayında “Brayton”dan 5,5 milyon avro qarşılığında keçmişdi. Norveçli futbolçu Neapol təmsilçisinin heyətində 43 oyuna çıxıb, 3 qolla yadda qalıb.

Norveçin müxtəlif yaş qrupları üzrə yığmalarında da oynamış Estiqor, 2022-ci ilin martında əsas millidə debüt edib. O, Norveç yığması ilə meydana çıxdığı 23 oyunda 1 qolla yadda qalıb.

“Napoli” mərkəz yarımmüdafiəçisi Maykl Folorunşo ilə də yeni müqavilə bağlayıb. 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulub.

Folorunşo 2019-cu ildən “Napoli”nin futbolçusu olsa da, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. O, ötən mövsümü icarə əsasında “Verona”da keçirib. Yarımmüdafiəçi daha öncə “Bari”, “Recina”, “Pordenone” kimi klublarda da icarədə olub.

Maykl Folorunşo Almaniyada keçirilən AÇ-2024-də İtaliya millisinin heyətində çıxış edib. O, Albaniya ilə oyunda (2:1) meydana çıxıb. Bu ildən İtaliya millisində çıxış edən futbolçu yığma ilə cəmi 2 matç keçirib.

Yeri gəlmişkən, Estiqoru heyətinə qatmış “Renn” sağ cinah müdafiəçisi Gela Dueni də “Strasburq”a satıb. Klub bu satışdan 6 milyon avro qazanıb. 21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Gela Due “Renn”in yetirməsidir. Gənc müdafiəçi bu klubun əsas komandasında 35 oyuna çıxıb, 4 assistlə yadda qalıb.

Bu ildən Fil Dişi Sahili yığmasına dəvət alan Due, ölkəsinin millisində 2 oyuna çxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: