“Yuventus”un mərkəz müdafiəçisi Leonardo Bonuççi Turin klubunun əsas heyətindən kənarlaşdırılıb və satışa çıxarılıb.
Arena.az bu barədə “La Gazetta dello Sport”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Qoca sinyora” rəhbərliyinin bu qərarı 36 yaşlı müdafiəçini təəccübləndirsə də, o, bununla razılaşıb.
Bonuççi “Yuventus”un ABŞ turunu buraxacaq. “Byankoneri”nin kapitan sarğısını isə Braziliya millisinin üzvü Danilo daşıyacaq.
Bonuççinin gələcək karyerasının bütünlüklə agentindən asılı olacağı və onun, müştərisi üçün tezliklə yeni klub axtarışına çıxacağı vurğulanır.
Leonardo Bonuççi 2010-cu ildən Turindədir. “Yuventus”da 12 il keçirmiş müdafiəçi, 2017/2018 mövsümündə “Milan”da oynayıb.
Geridə qalmış 2022/2023 mövsümündə Bonuççi “Qoca sinyora”nın heyətində 26 oyuna çıxıb, 2 qol vurub.
Bonuççinin “Yuventus”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Leonardo Bonuççini 1,50 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl “Sampdoriya”nın Bonuççi ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.
Digər iddiaya görə, “Yuventus” Bonuççidən başqa daha üç futbolçusu ilə yollarını ayırmaq istəyir. Bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb. Onun sözlərinə görə, Turin təmsilçisi Ueston Makkenni, Denis Zakariya və Arturla da vidalaşmaq niyyətindədir. Bu oyunçuların “Qoca sinyora”nın planlarına daxil olmadığı vurğulanıb.


