Fransanın U-19 yığmasının və “Renn” klubunun dayaq yarımmüdafiəçisi Lesli Uqoçukvu İngiltərə nəhəngi “Çelsi”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Zadəganlar” bu keçidə görə 27 milyon avro ödəyəcəklər. 19 yaşlı futbolçu London klubu ilə 7+1 illik müqavilə imzalayıb.
Lesli Uqoçukvu “Renn”in öz yetirməsidir. O, 2021-ci ildən klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu bu komandada 60 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda U-19-a dəvət alan yarımmüdafiəçi Fransanın U-18 millisində də oynayıb.
Yeri gəlmişkən, “Renn” də heyətinə yeni qapıçı cəlb edib. Liqa 1 təmsilçisi aşağı liqada mübarizə aparan “Sedan”dan Jeffri Lembeti transfer edib. 34 yaşlı qolkiper yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Jeffri Lembet 2019-cu ildən formasını geyindiyi “Sedan”dan bu yay azad agent kimi ayrılmışdı. O, bu komandada 112 oyuna çıxıb, 110 qol buraxıb, 47 “quru” matç keçirib. Təcrübəli qolkiper əvvəllər “Oser”, “Red Star” və “Laval”da da oynayıb. Lembet Mərkəzi Afrika Respublikası yığmasında da 36 oyun keçirib.



