Levandovski: “Özümü olmaq istədiyim yerdə hiss edirəm”

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski Kataloniya komandasında oynamasından doğan duyğularını paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Levandovskinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Barselona”dakı ilk mövsümüm həm duyğusal, həm də meydanda inanılmaz təcrübə oldu. Mən çoxlu yeni insanla tanış oldum və böyük oyunçuların olduğu böyük kluba qoşuldum. Mənə çox həzz verən yeni şeyləri sınamağa davam edirəm və onlardan həqiqətən zövq alıram. Bu işi edirəm, etməyi çox sevirəm və bunu üzümdə təbəssümlə edirəm. Mən özümü olmaq istədiyim yerdə hiss edirəm”, deyə Levandovski bildirib.

Xatırladaq ki, Robet Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Levandovski “Barselona”nın heyətində 56 oyuna çıxıb. O, bu oyunlarda 39 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə polyak hücumçu 10 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hücumçu hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: