Futbol üzrə Argentina millisinin və “Barselona”nın sabiq hücumçusu Lionel Messi İspaniyanın “Eldense” klubunun sahibi olub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sövdələşmənin baş tutması üçün İspaniyanın Ali İdman Şurasının təsdiqi tələb olunur.
Sentyabr ayında “Marca” Messinin “Eldense”nin alınması ilə bağlı razılığa gəldiyini yazmışdı. Məlumata görə, argentinalı ulduzun bu layihəni həyata keçirməkdə məqsədi futboldakı irsini investisiyaya yönəltməkdir.
Hazırda İspaniya çempionatının ikinci divizionunda çıxış edən “Eldense” Alikante əyalətində, Kataloniyaya yaxın ərazidə yerləşir. Messi peşəkar futbolçu karyerasını başa vurduqdan sonra Kataloniyada yaşamağı planlaşdırır.
“Eldense” Messinin 2026-cı ildə aldığı ikinci futbol klubudur. Argentinalı futbolçu apreldə Kataloniyada yerləşən “Kornelya”nın da sahibi olub.
39 yaşlı Messi 2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. Avropada isə PSJ və “Barselona”nın formasını geyinib. “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının qalibi olan hücumçu, həmçinin 3 dəfə UEFA Superkubokunu və 3 dəfə klublararası dünya çempionatını qazanıb.
Lionel Messi Argentina millisinin heyətində 207 oyuna çıxıb və 125 qol vurub. Hər iki göstərici üzrə yığmanın rekordçusudur. O, 6 dünya çempionatında iştirak edib. 2026-cı il dünya çempionatında Argentina finala yüksəldikdən sonra Messi milli komandadakı karyerasını başa vurub.
Səkkizqat “Qızıl top” sahibi olan futbolçu 2022-ci ildə dünya çempionu, 2008-ci ildə Olimpiya çempionu olub. O, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb.
Lionel Messi oktyabrın 7-nə keçən gecə Argentina millisinin heyətində vida oyununa çıxacaq.


