Liqa 1: Marselli fanatların çirkin hücumu oyunu təxirə saldı – Video

Liqa 1-in Marsel və Lion “Olimpik”ləri arasında bu gün keçirilməli oyunu idmana yaraşmayan xoşagəlməz hadisə səbəbi ilə təxirə salınıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən xəbər verir ki, 10-cu tur çərçivəsində keçirilməsi nəzərdə tutulan oyundan əvvəl Marsel klubunun xuliqan azarkeşləri təxribata əl atıblar.

Belə ki, yerli fanatlar Lion klubunun futbolçuları və məşqçilərinin olduğu avtobusu daşa basıblar. Qonaq komandanın avtobusu “Velodrom” stadionuna gedən yolda daşqalaq edilib. Nəqliyyat vasitəsinin şüşələri sındırılıb.

Hadisə nəticəsində Lion “Olimpik”inin italyan baş məşqçisi Fabio Qrosso şüşə qırıqlarının sifətinə sıçraması nəticəsində xəsarət alıb. İtaliyan mütəxəssis qanaxma keçirib və elə, beləcə, qan içində stadiona gəlib.

Qrossonun tibbi yardıma ehtiyacı olduğu üçün onun yarasına sarğı qoyublar. Qrossonun köməkçisi Raffaele Lonqonun isə gözünə avtobusun sağ tərəfindəki pəncərə sındığı zaman şüşə qırıqları dəyib. Bəzi oyunçular da avtobusdan enməkdə fəsadlarla üzləşiblər.

Hazırda oyunun nə vaxt keçiriləcəyi, hadisənin hansı hüquqi qiymət alacağı məlum deyil. Hadisə araşdırılır.

Vurğulayaq ki, oxşar hadisə 2019-cu ildə də baş vermişdi. O vaxt da Marsel “Olimpik”inin azarkeşləri Lion klubunun avtobusuna hücum çəkmişdilər.

Sözügedən komandaların hər ikisi bu mövsüm Liqa 1-də zəif çıxışı ilə diqqət mərkəzindədir. Lion “Olimpik”i ümumiyyətlə qələbəyə həsrətdir və 3 xalla sonuncu pillədə qərarlaşıb. Marsel “Olimpik”i isə 12 xalla 9-cu sırada gedir.

Maraqlıdır ki, son günlərdə Fabio Qrossonun uğursuz nəticələr səbəbindən Lion “Olimpik”indən qovulacağı haqda da xəbərlər yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: