Loik Bade 12 milyon avroya “Sevilya”da!

Fransanın “Renn” klubu bu ilin yanvar ayında İspaniya “Sevilya”sına icarəyə verdiyi Loik Bade ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi fransalı müdafiəçinin transfer hüquqlarını da alıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı satınalma şərti ilə icarəyə götürülmüşdü. “Sevilya” 12 milyon avro ödəməklə Badeni birdəfəlik transfer edib. Onunla 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Loik Bade peşəkar karyerasına “Havr”da başlayıb. “Lans”da da oynamış müdafiəçi 2021-ci ilin iyulundan “Renn”də çıxış edirdi. O, 2022-ci ilin sentyabrından dekabrına kimi İngiltərənin “Nottingem Forest” klubunda da icarədə olub. Bade Fransanın U-21 yığmasında da forma geyinib. O, “Sevilya”da indiyə qədər 27 oyuna çıxıb və 2 qola imza atıb.

Mali yığmasının sağ cinah müdafiəçisi Hamari Traore də “Renn”dən ayrılıb. 31 yaşlı futbolçunun sözügedən klubla müqaviləsinin müddəti bu ayın sonunda bitir. Bu üzdən də o, azad agent kimi Liqa 1 təmsilçisini tərk edib. Təcrübəli futbolçu bundan sonrakı karyerasını İspaniyanın “Real Sosyedad” klubunda davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Traore 2017-ci ildən formasını geyindiyi “Renn”də 239 oyuna çıxıb. Müdafiəçi bu görüşlərdə 6 qol vurub, 24 assistlə yadda qalıb. O, daha öncə “Reyms”, “Lyers” və “Paris”də də forma geyinib. Hamari Mali yığmasında da 32 matç keçirib, 1 qol vurub.

Yeri gəlmişkən, “Real Sosyedad” da 2022-ci ilin iyulunda Niderlandın “Utrext” klubuna icarəyə verdiyi Modibo Saqnanı sözügedən komandaya birdəfəlik satıb. İspaniya klubu bu keçiddən 2.5 milyon avro qazanıb. Fransa və Mali vətəndaşlığına malik 24 yaşlı mərkəz müdafiəçisi “Real Sosyedad”da cəmi 22 oyun keçirib. O, daha öncə “Tondela”, “Lans” və “Mirandes”də də forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: