Luis de la Fuente milli ilə yeni müqavilə imzalayacaq

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “qırmızı qəzəb”lə müqaviləsinin müddətinin uzadılması ilə bağlı sualı cavablayıb.

Arena.az xatırladır ki, 63 yaşlı ispan mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Çox inkişaf etmiş danışıqlar gedir. İnanıram ki, dekabrda bu məsələ öz həllini tapacaq. Hər şey sakitləşəndə ümidvaram ki, deyilənlər gerçəkləşəcək”, deyə ispan mütəxəssis bildirib.

Xatırladaq ki, Luis de la Fuentenin milli komanda ilə mövcud müqaviləsinin müddəti 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulub. İndiki müqavilənin müddətinin ən azı daha 2 il artırılacağı iddia olunur.

Luis de la Fuente İspaniya yığmasını 2023-cü il yanvarın 1-dən çalışdırır. İspan mütəxəssis təyinatından sonra yığmanın tərəqqisinə nail ola bilib. 2023-cü ildə İspaniya millisi UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasını penaltilər silsiləsində məğlub edərək (əsas vaxt – 0:0, penaltilərlə – 5:4) yarışın qalibi olmuşdu.

İspaniya yığması bu il Almaniyada keçirilən Avropa çempionatında (AÇ-2024) da meydana çıxdığı 7 oyunun hamısında qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempion olub. Bununla da Luis de la Fuentenin komandası mütləq rekord müəyyən edib.

“Qırmızı qəzəb” qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) üzərində qələəb qazanıb. Finalda isə bu komanda AÇ-2020-ni finalçısı İngiltərə (2:1) yığmasını məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: