İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri haqda söhbət açıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“O, dünyanın ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biridir, mükəmməl altı nömrədir. O, oyunun bütün xüsuslarında üstündür: hücum etməyi, necə müdafiə olunmağ başa düşür, acgöz deyil, həmişə kömək etməyə hazırdır, çalışqandır və yaxşı təşkilatçıdır. Anadangəlmə istedaddır.
Amma mən həmişə onun əsas xüsusiyyətini – təvazökarlığını qeyd etmək istəyirəm ki, bu da ona məşqçisinin məsləhətini başa düşməyə, öyrənməyə və ona əməl etməyə imkan verir. Bu keyfiyyət sayəsində o, bir oyunçu kimi tərəqqi edib, üdir və etməyə də davam edəcək”, deyə Luis de la Fuente vurğulayıb.
Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Rodrinin “şəhərlilər” üçün siftəsi hələ baş tutmayıb.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 56 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.


