Xorvatiya yığmasının və “Real”ın mərkəz yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını bitirməsi ilə bağlı sualı cavablayıb.
Arena.az Modriçin bu barədə cavabını təqdim edir:
“İndi təqaüdə çıxmaq barədə danışmağın zamanı deyil. Mən əbədi futbol oynamaq istəyirəm, amma bunun mümkün olmadığını bilirik. Təqaüdə çıxdığımı elan etməli olduğum gün gələcək – hazırda isə bunun nə vaxt olacağını bilmirəm”, deyə Modriç vurğulayıb.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma veteran yarımmüdafiəçinin daha bir mövsüm “qaymaqlılar”ın düşərgəsində qalacağına dair ehtimallar yüksək qiymətləndirilir.
Veteran futbolçu geridə qalmış 2023/2024 mövsümündə “Real”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 534 oyun, 39 qol, 86 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 26 qənimətə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 26 qənimətlə Modriç “Real” tarixində ispan mərkəz müdafiəçisi Naço Fernandeslə birliklə ən zəngin futbolçudur.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 178 oyuna çıxıb, 26 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


