İtaliyanın “Milan” klubunun xorvatiyalı ulduzu, mərkəz yarımmüdafiəçisi Luka Modriç A Seriyası nəhəngi ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni sazişə əsasən, 40 yaşlı futbolçu 2027-ci il iyunun 30-dək “rossonerilər”in formasını geyinəcək.
Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Milan”a transfer olunub. O, bundan əvvəl 13 mövsüm Madrid “Real”ında çıxış edib və klub tarixinin ən titullu futbolçusu olub.
Xorvatiyalı ulduz Madrid təmsilçisinin heyətində 6 dəfə UEFA Çempionlar Liqasını, 5 dəfə klublararası dünya çempionatını, 5 dəfə UEFA Super Kubokunu, 4 dəfə İspaniya çempionatını, 2 dəfə İspaniya Kubokunu və 5 dəfə İspaniya Super Kubokunu qazanıb.
Luka Modriç 2018-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Dinamo” (Zaqreb), “Zrinski”, “İnter” (Zapreşiç) və “Tottenhem” klublarında da çıxış edib.
O, Xorvatiya millisinin heyətində 202 oyuna çıxaraq 29 qol vurub və 32 məhsuldar ötürmə verib. Modriç milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş, 2022-ci il mundialının bürünc mükafatçısı, həmçinin 2023-cü ildə UEFA Millətlər Liqasının gümüş medalçısı olub.
Qeyd edək ki, “Milan” ötən mövsüm A Seriyasını 5-ci pillədə başa vurduğu üçün yeni mövsümdə UEFA Avropa Liqasında mübarizə aparacaq.


