Luka Modriç “Real”la müqaviləsi haqda sualı cavabladı

“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya klubu ilə müqaviləsinin müddətini uzadıb-uzatmayacağı ilə bağlı sualı cavablayıb.

Arena.az xəbər verir ki, 38 yaşlı xorvat futbolçu bunları dilə gətirib:

“Hər şeyi tezliklə öyrənəcəksiniz. İndi diqqətimi Xorvatiya yığmasına yönəltməliyəm. Zamanı gələndə hamı hər şeyi biləcək. Daha artığını deyə bilmərəm”, deyə Modriç vurğulayıb.

Xatırladaq ki, Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən Madrid klubuna keçib. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Lakin təcrübəli oyunçunun daha bir mövsüm bu komandada qalacağına dair ehtimallar yüksək qiymətləndirilir.

Veteran futbolçu geridə qalmış 2023/2024 mövsümündə “Real”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 534 oyun, 39 qol, 86 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 24 qənimətə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 176 oyuna çıxıb, 25 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: