“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisinin payızda UEFA Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyətə daxil ediləcək.
Arena.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
“Lukanın qərarına görə çox şadam. Çünki onun kim olduğunu və həm meydanda, həm də meydandan kənarda Xorvatiya üçün nə ifadə etdiyini hamımız bilirik. Xüsusilə ona görə sevinirəm ki, 14 ildən sonra yenidən birlikdə çalışacaq və Xorvatiyanın yüksək səviyyəli, uğurlu və dünyanın ən yaxşı komandalarına bərabər olması üçün böyük istəyimizi bölüşəcəyik”, – deyə Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç bildirib.
Modriç sentyabrın 9-da 41 yaşını qeyd edəcək. O, 2025-ci ilin yayından “Milan”da çıxış edir. Bundan əvvəl 13 mövsüm “Real”ın formasını geyinmiş xorvat yarımmüdafiəçi klub tarixinin ən titullu futbolçusuna çevrilib.
Luka Modriç “Real”la 6 dəfə Çempionlar Liqasını, 5 dəfə Klublararası Dünya Kubokunu və 5 dəfə UEFA Super Kubokunu, 4 dəfə İspaniya çempionatını, 2 dəfə ölkə kubokunu və 5 dəfə İspaniya Super Kubokunu qazanıb. O, 2018-ci ildə “France Football” tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb.
Karyerası ərzində “Tottenhem”, Bosniya və Herseqovinanın “Zrinski”, Xorvatiyanın “Dinamo” və “İnter” klublarında da çıxış etmiş Modriç Xorvatiya millisində 202 oyun keçirib, 29 qol vurub və 32 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi 2018-ci il dünya çempionatının gümüş, 2022-ci il dünya çempionatının bürünc medalını qazanıb. Həmçinin 2023-cü ildə Millətlər Liqasının gümüş medalçısı olub. 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında isə 4 oyunda iştirak edərək 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xorvatiya millisi qarşıdakı beynəlxalq fasilədə Millətlər Liqasında 4 oyun keçirəcək. Komanda sentyabrın 26-da səfərdə Çexiya, sentyabrın 29-da İspaniya, oktyabrın 3-də evdə İngiltərə və oktyabrın 6-da yenidən İspaniya ilə qarşılaşacaq.


