Luka Zidan “Qranada”nı tərk etdi

İspaniyanın “Qranada” komandasının əlcəzairli qapıçısı, ötənlərin məşhur futbolçusu Zinədin Zidanın oğlu Luka Zidan klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə “Qranada”nın mətbuat xidməti məlumat yayıb.

Sözügedən klub Zidanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 28 yaşlı qolkiperin müqaviləsinin ləğvi onun başqa kluba keçidini asanlaşdırmaq məqsədi daşıyır. İspaniya mətbuatının məlumatına görə, Luka karyerasını “Leqanes”də davam etdirəcək. Tərəflər arasında razılıq əldə olunub və transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, əfsanəvi futbolçu Zinədin Zidanın oğlu əvvəllər Fransanın gənclər komandalarında çıxış edib. O, 2025-ci ildə ata tərəfdən nənə-babasının vətəni olan Əlcəzairin şərəfini qorumaq qərarına gələrək vətəndaşlığını dəyişib.

Luka Zidan 2024-cü ilin yayından “Qranada”da çıxış edirdi. 28 yaşlı qolkiper bu komandanın heyətində meydana çıxdığı 45 oyunda 57 top buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Luka “Eybar”, “Real”, “Kastilya”, “Rasinq”, “Rayo Valyekano” kimi komandalarda da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: