Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu baş məşqçi postuna yeni təyinatı açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundan sonra komandaya Tomaş Kaçmarek rəhbərlik edəcək. 41 yaşlı polşalı mütəxəssislə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Tomaş Kaçmarek son olaraq Polşanın digər klubu “Radomyak”a rəhbərlik edib. O, bundan əvvəl “Den Boş”, “Lexiya” (Qdansk), “Fortuna” (Köln), “Ştutqarter Kikkers”, “Viktoriya” (Köln), “Bonner” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
Kaçmarek bu postda bir neçə gün istefaya göndərilmiş David Kroçeki əvəzləyib. May ayından bu komandanı çalışdırmağa başlamış 37 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən vəzifəsindən istefa verib. Buna “Rakuv”un Polşa çempionatının yeni mövsümünə uğursuz start verməsi səbəb olub. Belə ki, Mahirin komandası yerli çempionata keçirdiyi yeni mövsümün ilk 4 oyununun hamısından məğlubiyyətlə ayrılıb. Kroçekin istefasından sonra komanda müvəqqəti olaraq onun köməkçisi David Şulçekə tapşırılmışdı. Lakin “Rakuv” məğlubiyyətləri sıralamağa davam etdiyi üçün klub rəhbərliyi təcili yeni baş məşqçi axtarışına çıxıb və Kaçmareklə anlaşıb. İndi 41 yaşlı mütəxəssisin Mahirin komandasını uğursuzluq zolağından çıxarıb-çıxarmayacağını zaman göstərəcək.
Xatırladaq ki, “Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 12 oyuna çıxıb, 6 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.



