Mahir Məmmədov yenidən AŞF prezidenti seçildi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yenidən bu qurumun rəhbəri vəzifəsinə seçilib.

Arena.az bu barədə federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu gün Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən Azərbaycan şahmat ailəsinin üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Konfransın gündəliyi təsdiq olunandan sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib.

Sonra AŞF-nin 2022-2025-ci illər ərzində fəaliyyətinin qısa icmalının əks olunduğu video nümayiş etdirilib.

AŞF-nin üzvlüyünə qəbulla bağlı ərizə ilə müraciət edən şəxslərin siyahısı açıqlanıb və iştirakçılar tərəfindən təsdiqlənib.

Səlahiyyət nüddəti başa çatdığına görə AŞF-nin İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermədən sonra Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsinə üzv seçilib.

Federasiyanın hazırkı prezidenti Mahir Məmmədovun növbəti 4 il müddətinə prezident postuna namizədliyi irəli sürülüb. Açıq səsvermədən sonra Mahir Məmmədov yekdilliklə növbəti müddət üçün AŞF-nin prezidenti seçilib. Faiq Həsənov Birinci Vitse-prezident, Bəxtiyar Məmmədovla Yaqub Hüseynov vitse-prezident vəzifəsinə təsdiqləniblər.

AŞF-nin nizamnaməsinə dəyişikliklər və İntizam Komissiyasının əsasnaməsi müzakirə edilərək təsdiqlənib.

Federasiyanın büdcəsi müzakirə edilərək qəbul olunub. AŞF-nin Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2024-cü il üzrə hesabatları və yeni təklifləri müzakirə edilib.

Bununla Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı işini yekunlaşdırıb.

İlahə Qədimova isə yenidən Azərbaycan Şahmat Federasiyasının baş katibi seçilib. Konfransın ardından baş tutan iclasda İlahə Qədimovanın vəzifəsi təsdiq olunub.

Xatırladaq ki, İlahə Qədimova 2021-ci ildən bu vəzifəni icra edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: