“Mançester Siti” maliyyə qaydalarını pozmadığını açıqladı

“Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın çıxardığı nəticə ilə razılaşmır.

Arena.az xəbər verir ki, klubun mətbuat xidməti komissiyanın qərarından məyus və təəccübləndiklərini bildirib.

Daha əvvəl Premyer Liqa müstəqil komissiyanın “Mançester Siti”ni maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, bütün bəndləri üzrə təqsirli bildirdiyini açıqlamışdı.

“Klub Premyer Liqa tərəfindən irəli sürülən ittihamlarda günahsızdır və bu iş üzrə mövqelərimizin hər birini dəstəkləyən çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur. Buna görə də klub bütün müvafiq tənzimləyici və hüquqi orqanlarda öz təşəbbüslərini davam etdirəcək.

Premyer Liqadakı proses hələ davam edir və bir çox məsələlər yekunlaşmayıb. “Mançester Siti” indi apellyasiya üçün malik olduğu imkanlardan istifadə edəcək. Çünki qərarda hüquq, prinsiplər və faktlarla bağlı açıq-aşkar ciddi səhvlər var və nəticə əsassızdır”, – deyə klubun açıqlamasında bildirilib.

“Siti”nin mətbuat xidməti həmçinin qeyd edib ki, klub səkkiz il ərzində Premyer Liqanın idarə heyətinin və icraiyyə komitəsinin müstəqil, qərəzsiz və ədalətli tənzimləyici kimi fəaliyyət göstərəcəyinə əsaslanaraq bütün prosedurlara əməl edib.

Klubun müstəqil komissiyanın nəticələrindən oktyabrın 2-dək apellyasiya şikayəti vermək hüququ var. Kluba tətbiq olunacaq mümkün sanksiyalar isə ayrıca dinləmədə müəyyənləşdiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: