“Mançester Yunayted” komandanın əfsanəvi keçmiş baş məşqçisi, şotland mütəxəssis Ser Aleks Ferqyusonun doğum gününü təbrik edib.
Arena.az məlumat verir ki, klubun mətbuat xidməti sosial şəbəkə üzərindən bu gün, dekabrın 31-də 82 yaşını qeyd edən, “qırmızı şeytanlar”ın sabiq çalışdırıcı Ser Aleks Ferqyusona “Yunayted”in təbrikini ünvanlayıb:
“Hər birimiz Ser Aleks Ferqyusonu sevirik. Doğum günün mübarək, Ser Aleks!” – poster üzərindəki təbrikdə deyilir.
Xatırladaq ki, şotland mütəxəssis 1986-2013-cü illərdə mankunianlıları çalışdırıb. Bu müddətdə MY 13 dəfə İngiltərə çempionu olub. Həmçinin bu klub 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” bütün turnirlərdə 1476 oyun keçiriblər. Ser Aleks Ferqyuson “Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra klub bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.


