“Mançester Yunayted”də Kristian Eriksen şoku

“Mançester Yunayted”in danimarkalı hücumameylli yarımmüdafiəçisi Kristian Eriksen bir ay müddətinə sıradan çıxıb.

Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, Eriksen “qırmızı şeytanlar”ın Premyer Lia çərçivəsində “Luton”a qarşı keçirdikləri oyunda dizindən zədə alıb. Danimarkalı futbolçu həmin oyunun 40-cı dəqiqəsində Meyson Mauntla əvəz edilib. Oyundan sonra aparılmış tibbi müayinə Eriksenin zədə dərəcəsini müəyyən edib.

Kristian Eriksen “Mançester Yunayted”ə 2022-ci ilin iyulunda “Brentford”dan azad agent qismində keçib. Danimarkalı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Eriksen “qırmızı şeytanlar”ın heyətində 15 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Eriksenin “Mançester Yunayted”də ümumi statistikası isə belədir: 59 oyun, 3 qol, 12 məhsuldar ötürmə. Yarımmüdafiəçi mankunianlılarla ötən mövsüm İngiltərə Liqa Kubokunu qazanıb.

Eriksen 2010-cu ilin martında debüt etdiyi Danimarka yığmasının heyətində 126 oyuna 40 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Kristian Erikseni 18 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Eriksen 3 dəfə (2013, 2014, 2015) Danimarkada ilin futbolçusu seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: