İngiltərənin “Mançester Yunayted” klubunun iki futbolçusu – müdafiəçi Leni Yoro və hücumçu Rasmus Höylund zədələnib.
Arena.az xəbər verir ki, onlar komandanın “Arsenal”a 1:2 hesabı ilə uduzduğu yoxlama matçında xəsarət alıblar.
Yoro üç ay, Höylund isə 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Leni Yoro “Lill”in yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu bu yay “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.
Vurğulayaq ki, 18 yaşlı gənc mərkəz müdafiəçisi öz mövqeyində ən perspektivli futbolçulardan hesab edilir. Amma o, böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
Höylund isə “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub, ardınca “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib. “Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatıb. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsüm Höylund “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 43 oyun keçirib, 16 qol vurub, 2 məhsudlar ötürmə verib.
Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022), “Şturm”la Avstriya Kuboku (2022/2023) və “Mançester Yunayted”lə İngiltərə Kuboku (2023/2024) var.
Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 18 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


