“Real”ın sabiq skautu Manolo Romero hesab edir ki, klub, hücumçusu Vinisius Juniora görə 300 milyon avro məbləğ təklif edilsə, onu satacaq.
Arena.az “Sport.es” dərgisinə istinadən, Romeronun müvafiq qənaətini təqdim edir:
“Mən onun Səudiyyə Ərəbistanına gedəcəyinə əmin idim. 300 milyon avro məbləğdən artıq təklif etsələr, Florentino Peresin onu satacağına, hətta maşını ilə hava limanına qədər aparacağına əminəm. 300 milyon avro nəhəng puldur. Düşünürəm ki, sonra Mbappe Florentinonun sevimlisi olacaq”, deyə Manolo Romero vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı klublarının braziliyalı ulduza ciddi maraq göstərdiyi bildirilirdi.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 20 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 285 oyun, 97 qol, 83 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.


