Manuel Uqarte rəsmən PSJ-də!

Uruqvay yığmasının yarımmüdafiəçisi Manuel Uqarte Portuqaliya “Sportinq”indən Fransa çempionu PSJ-yə keçib.

Arena.az bu barədə Paris klubunun rəsmi saytına istinadən məlumat verir.

“PSJ Manuel Uqarteni komandamızda salamlamaqdan məmnundur. Uruqvay yığmasının yarımmüdafiəçisi klubumuzda 4 nömrə altında çıxış edəcək”, – klubdan bildirilib.

Uqartenin PSJ ilə 5 il müddətinə (2028-ci ilin iyunun sonuna qədər) müqavilə imzaladığı bildirilir. Paris klubu onun transferi üçün Lissabon təmsilçisinə 60 milyon avro ödəyəcək.

Xatırladaq ki, Manuel Uqarte 2021-ci ildən “Sportinq”in uğurları üçün çalışırdı. Lissabon təmsilçisi həmin vaxt onu “Famalikan”dan 12,5 milyon avroya transfer etmişdi. 2022/2023 mövsümündə Uqarte “Sportinq”in heyətində 47 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. O, bu komandada bütövlükdə 85 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Uqarte “Famalikan”dan öncə “Feniks”in də uğurları üçün çalışıb. 22 yaşlı uruqvaylı futbolçu ölkəsinin milli komandasında da 8 oyuna çıxıb.

Xatırladaq ki, PSJ Uqartedən əvvəl Milan Şkrinyar və Marko Asensionunun da transferini açıqlamışdı. Lakin bu iki oyunçu azad agent kimi Paris klubuna cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: