Azərbaycanın güləşçisi Mariya Stadnik Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını əldən verib.
Arena.az xəbər verir ki, Bakıda təşkil edilmiş Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilər mübarizəyə qoşulublar.
Yarışın ikinci günündə Azərbaycanın 5 idmançısı qüvvəsini sınayıb.
Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olub. Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni erkən dayandırıb.
Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gəlib. Avropa çempionlarının duelindən Xristova 4:2 hesabı ilə qalib ayrılıb. Bununla Manolovanın finala yüksəlmək ümidinin üstündən xətt çəkilib.
Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Jalə Əliyeva (57 kq) yarışa 1/4 finaldan start verib. İdmançımız ilk görüşündə Ukrayna təmsilçisi Alina Akobyaya 0:10 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Mariya Stadnik (50 kq) də 1/4 finaldan mübarizəyə başlayıb. Onqat Avropa və ikiqat dünya çempionumuz litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib. Onun həmin raunddakı rəqibi ukraynalı Oksana Livaç olub. 35 yaşlı idmançımız olimpiadaya lisenziya yolunda Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb.
Beləliklə, yunan-Roma güləşçilərimizin ardından xanım güləşçilərimiz də Bakıdakı mötəbər yarışda Olimpiadaya lisenziya qazanmaq şansını boşa veriblər.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri mübarizə aparmış və uğursuz çıxış etmişdilər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.


