Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya Stadnik idmançı kimi fəaliyyətini başa vurub.
Arena.az xəbər verir ki, titullu idmançı bu barədə “İnstagram”dakı şəxsi hesabında paylaşım edib:
“Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm”.
Bu barədə Azərbaycan Güləş Federasiyası da sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda deyilir:
“Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir oldu.
Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirir.
İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq.
Hər şey üçün çox sağ ol, Mariya!”
Xatırladaq ki, dünya güləşinin canlı əfsanəsi hesab edilən Mariya Stadnik son olaraq qatıldığı Paris-2024-ü medalsız başa vurub.