Azərbaycanın qadın güləşçisi, çoxsaylı titullara sahib olan Mariya Stadnik (50 kq) karyerasını bitirə biləcəyinə işarə verib.
Arena.az xəbər verir ki, təcrübəli idmançı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi “İnstagram” hesabında paylaşım edib.
O, paylaşımında bunları qeyd edib:
“Mənim idman tarixim artıq yazılıb – 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim. Bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi başqa bir tarix yazmağın vaxtıdır”.
Qeyd edək ki, Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib. Parisdəki yarışda isə 1/8 finalda qələbə qazanan güləşçimiz 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.