Cüdo üzrə Azərbaycan milli komandasının performans direktoru Mark van der Ham tutduğu vəzifədən istefa vermək qərarına gəlib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, niderlandlı mütəxəssis 7-13 mayda Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatından sonra istefa ərizəsini quruma təqdim edib.
Bu üzdən də federasiya rəhbərliyi sözügedən mütəxəssislə müqavilə xitam vermək qərarına gəlib.
Mark van der Ham bütün Azərbaycan idmançılarına, heyət üzvlərinə gələcək karyeralarında və yarışlarda uğurlar arzuladığını söyləyib: “Azərbaycanda olduğum müddətdə Federasiya tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm”.
Azərbaycan Cüdo Federasiyası Mark van der Hama Azərbaycanda cüdonun inkişafında göstərdiyi səylərə, milli komandaların işinin təşkilində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Ona gələcək karyerasında uğurlar arzulanıb.