Futbol üzrə Xorvatiya milli komandasının sol cinah vingeri Marko Pyaça İtaliyanın “Yuventus” klubundan birdəfəlik ayrılıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu vətəninə qayıdıb.
O, bundan sonra Xorvatiyanın “Riyeka” klubunun formasını geyinəcək. Tərəflər 3 illik müqaviləyə imza atıblar. “Riyeka”nın bu transfer üçün “Yuventus”a nə qədər təzminat ödədiyi açıqlanmır.
Xatırladaq ki, Marko Pyaça 2016-cı ildən “Yuventus”da idi. Amma Turin təmsilçisində cəmi 21 oyuna çıxıb, 1 qol vuran futbolçu daha çox digər klublarda icarədə olub. O, bu müddət ərzində “Şalke”, “Fiorentina”, “Anderlext”, “Cenoa”, “Torino” və “Empoli” kimi klublara icarəyə verilib. Xorvatiyanın “Lokomotiva” klubunun yetirməsi olan futbolçu, Zaqreb “Dinamo”sunun da uğurları üçün çalışıb. Xorvatiya millisində 24 oyuna çıxan hücumçu, 1 qolla yadda qalıb.
“Yuventus”da daha iki ayrılıq qeydə alınıb. Belə ki, mərkəz müdafiəçisi Alessandro Pio Riççio “Modena”ya, hücumçu Marko Da Qrasa isə “Amorebieta”ya icarəyə verilib. 21 yaşlı futbolçular mövsümün sonuna kimi icarədə olacaqlar.


