La Liqanın 2-ci turunun “Jirona”ya qarşı ev oyunu (3:0) Madrid “Atletiko”sunun yarıımüdafiəçisi Markos Lyorente üçün əlamətdar olub.
Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.
İspan futbolçu bu oyunda qol vurmaqla, “döşəkçilər”in argentinalı çalışdırıcısı Dieqo Simeonenin 29 il əvvəlki – 1995-ci ildə nail olduğu nəticəni təkrarlamış ilk yarımmüdafiəçi olub.
Belə ki, söhbət İspaniya La Liqasının yeni mövsümünün ilk iki oyununda vurulmuş qollardan gedir. Bundan əvvəl, 1-ci turda Lyorente “Vilyarreal”a qarşı səfər oyununda (2:2) rəqibin qapısına yol tapmışdı.
Əlavə edək ki, Dieqo Simeonenin futbolçu ikən bu uğura imza atdığı həmin mövsümdə “döşəkçilər” “qızıl dubl”a nail olmuşdular. “Atletiko” həm İspaniya La Liqasını, həm də İspaniya Kral Kubokunu qazanmışdı.
İspaniya La Liqasının 2024/2025 mövsümünün geridə qalmış 2 turundan sonra “Atletiko” yarış cədvəlində 4 xalla 3-cü pillədə qərarlaşıb. İspaniya çempionatına 6 xalla “Selta” başçılıq edir.
Xatırladaq ki, Markos Lyorente Madridin digər təmsilçisi “Real”ın yetirməsidir. “Alaves”də də oynamış futbolçu “Atletiko”ya 2019-cu ildə 30 milyon avro müqabilində “Real”dan keçib. Onun indiki klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Lyorente “Atletiko”nun heyətində indiyə qədər 204 oyuna çıxıb, 29 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub. O, İspaniya milli komandasının heyətində də 19 oyun keçirib, 3 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz yarımmüdafiəçisinin trasnfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


