Martin Edeqor 2028-ci ilə qədər “Arsenal”da qalacaq

Futbol üzrə Norveç millisinin hücumameylli yarımmüdafiəçisi Martin Edeqor “Arsenal”la müqaviləsinin müddətini artırıb.

Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər arasında müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq yeni müqavilə imzalanıb.

Edeqor “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu müqavilə imzalayıblar.

Edeqor “topçular”ın heyətində ümumilikdə 112 oyun keçirib, 27 qol vurub, 15 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə Martin 7 oyunda 3 dəfə “topçular”a fayda verib.

Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.

Edeqor karyerası ərzində iki kubok qazanıb. Martin “Real Sosyedad”la İspaniya Kral Kubokunu (2019/2020) və “Arsenal”la İngiltərə Super Kubokunu (2023) qazanıb. Gənc Martinin həmçinin çoxlu fərdi mükafatları var.

Martin Edeqor hazırda kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 53 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Martin Edeqoru 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: