“Arsenal”ın hücumameylli yarımmüdafiəçisi və kapitanı Martin Edeqor “topçular”ın cari vəziyyəti ilə bağlı sualı cavablayıb.
Arena.az norveçli futbolçunun müvafiq cavabını təqdim edir:
“Qarşıda bizi uzun bir mövsüm gözləyir, çox uzun yolumuz var. Keçən il dekabrda da çətin dövrümüzü yaşadıq, amma geri-dönüşlə qayıtdıq. Biz hansı keyfiyyətlərə malik olduğumuzu, hansı zehniyyətə sahib olduğumuzu bilirik və sadəcə olaraq davam etməliyik”, deyə Edeqor vurğulayıb.
Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.
Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Cari mövsümdə Martin “Arsenal”da 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Edeqor “topçular”ın heyətində ümumilikdə 158 oyun keçirib, 35 qol vurub, 26 məhsuldar ötürmə verib.
Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.
Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və müvafiq nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 61 oyun keçirib, 3 qol vurub, 11 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


