Martin Edeqor dekabra qədər oynamayacaq

Norveç yığmasının və İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Martin Edeqor dekabr ayına qədər yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az məlumat verir ki, sentyabrda zədə almış norveçli futbolçunun təxminən bir aya sıraya dönəcəyi ehtimal edilirdi.

Lakin son müayinələr Edeqorun zədəsinin hələ tam sağalmadığını göstərib. Martinin ən yaxşı halda dekabrın sonlarında sıraya dönməsi ehtimal edilir.

Xatırladaq ki, Martin Edeqor Norveç yığmasının UEFA Millətlər Liqasında Avstriya yığmasına qarşı oyununda (2:1) zədələnmişdi. Norveçli futbolçu avstriyalı yarımmüdafiəçi Kristof Baumqartnerlə top uğrunda mübarizə apararkən topuğu burxulmuş və oyunun 67-ci dəqiqəsində əvəzlənərək, meydanı axsaq surətdə tərk etmişdi.

Hücumameylli yarımmüdafiəçi Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.

Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə Martin “Arsenal” üçün məhsudlar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Edeqor “topçular”ın heyətində ümumilikdə 156 oyun keçirib, 35 qol vurub, 25 məhsuldar ötürmə verib.

Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.

Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və müvafiq nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 61 oyun keçirib, 3 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: