İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Martin Edeqor ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu bundan sonra karyerasını İngiltərədə davam etdirəcək.
Norveçli yarımmüdafiəçi London “Arsenal”ına transfer olunub. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Onunla müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Edeqor “Arsenal”da 8 nömrəli formanı geyinəcək. “Topçular”ın norveçli oyunçu üçün 30 milyon avro ödədiyi iddia edilir.
Martin Edeqor 2015-ci ildən “Real”dadır. Norveç milli komandasına da dəvət alan yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında məhz “Arsenal”da keçirmişdi. O, əvvəllər “Herenven”, “Vitess”, “Real Sosyedad” kimi komandalarda da icarədə oynayıb. Futbolçu Norveç millisində 30 matça çıxıb, 1 qol vurub.


