“Yuventus”una baş məşqçisi, italiyan mütəxəssis Massimiliano Alleqri İtaliya A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir:
“Maks Alleqri futbolumuzun ən böyük ustadlarından biridir və bu il o, “Yuventus”u gənc və daha təcrübəli oyunçuların mükəmməl vəhdətinə çevirərək, onları titul uğrunda əsas namizədlər sırasına qaytardı. Onun qeyri-adi təcrübəsi və güclü xasiyyəti onu vacib boşluqları doldurmalı olan komandaya rəhbərlik etmək üçün ən yaxşı adam edir. Komandası çempionatda ən uzun məğlubiyyətsiz silsiləyə sahib komandadır”, deyə A Seriyasının baş direktoru Luici De Syervo bildirib.
Hazırda “Yuventus” 14 oyundan sonra 33 xalla İtaliya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Noyabr ayında Alleqrinin yetirmələri milli çempionat çərçivəsində keçirdikləri 3 oyunda 2 qələbə qazanıblar, 1 oyundan isə sülhlə ayrılıblar.
Alleqri bu mövsüm ilk dəfə A Seriyasında ayın ən yaxşı məşqçisi seçilib. Bu mövsüm ondan öncə Roberto Daversa (“Leççe”) avqustun, Alessio Dionisi (“Sassuolo”) sentyabrın və Simone İnzaqi (“İnter”) oktyabrın ən yaxşı məşqçisi elan edilmişdi.
Massimiliano Alleqri “Yuventus”u 2021-ci ilin mayından çalışdırır. İtalyan mütəxəssisin “qoca sinyora ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, daha öncə 2014-2019-cu illər aralığında da Turin təmsilçisinin baş məşqçisi olub. Turinlilər bu mütəxəssisin rəhbərliyi altında 393 oyun keçiriblər. Bu görüşlərdə 258 qələbə qazanmış “Yuve”, 67 heç-heçə edib, 68 məğlubiyyətə üzülüb


