Massimiliano Alleqri – A Seriyasında sentyabrın ən yaxşı məşqçisi

“Milan”ın baş məşqçisi, italiyalı futbol mütəxəssisi Massimiliano Alleqri A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

58 yaşlı mütəxəssis karyerasında 3-cü dəfə bu mükafata layiq görülüb. O, ilk dəfə 2022-ci ilin noyabrında “Yuventus”u çalışdırarkən bu mükafatı qazanmışdı. Alleqri sonrakı mükafatı da 2023-cü ilin noyabrında elə “Yuventus”da çalışarkən əldə etmişdi.

A Seriyasının cari mövsümündəki ilk mükafatı isə “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı.

“Milan” Alleqrinin rəhbərliyi altında sentyabr ayında A Seriyasında 3, İtaliya Kubokunda 1 oyun keçirib və hamısından qalib ayrılıb. Sözügedən komanda hazırda 13 xalla A Seriyasının yarış cədvəlində 3-cüdür.

Xatırladaq ki, Alleqri bu ilin may ayında yenidən “Milan”ın sükanı arxasına qayıdıb. 57 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var.

Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.

Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: